Çexiya Sarkisyanın qardaşı oğlunu ekstradisiya edir

04.06.2019 15:12
Çexiya məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiya olunması haqqında qərar qəbul edib.

Bu barədə Tyden.cz nəşri məhkəmənin mətbuat katini Marketa Putsiyə istinadən məlumat yayıb.

İnterpol Praqada N.Sarkisyanı hələ 2018-ci ilin dekabrında Ermənistan polisinin sorğusu əsasında aşkar etmişdi. O, Franklin Qonsalesin adına olan pasport daşıyırmış. 

N.Sarkisyanın hələ Ermənistana gətirilmədiyi, lakin hüquq-mühafizə orqanlarının artıq çexiyalı həmkarlarına bütün zəruri sənədləri göndərdiyi bildirilir.

M.Putsi bildirib ki, məhkəmə S.Sarkisyanın qohumunun ekstradisiyasını mümkün hesab edir.

Çexiya qanunvericiliyinə əsasən, ekstradisiya haqqında yekun qərarı Ədliyyə naziri qəbul edir. Mətbuat katibi deyib ki, nazirin mövqeyinin məhkəmə qərarı ilə üst-üstə düşməməsi inandırıcı görünmür. Bununla belə, qərarın qəbul edilmə vaxtı hələ məlum deyil.

Xatırladaq ki, Ermənistanda N.Sarkisyan qanunsuz olaraq silah, döyüş sursatları, partlayıcı qurğular və narkotik saxlamaqda ittiham olunaraq axtarışa verilib.