Nazirlik ov turizmi ilə məşğul olanlara müraciət etdi

04.06.2019 17:23
Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, qaydalara ciddi əməl etsinlər. Bəzi yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır.

REYD-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib.

Onun sözlərinə görə, ova icazə verilərkən heyvanat aləminin bioloji xüsusiyyətləri əsas götürülür.

F.Məmmədov qeyd edib ki, Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib. Ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək. Ovçular nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər.

F.Məmmədov əlavə edib ki, ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müdddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda məsuliyyətə cəlb edilir:

"Vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar".