Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

11.06.2019 12:18
Zaqatala  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan REYD-yə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Zaqatala rayonu Aşağı Tala kənd sakini 33 yaşlı İlkin Məmmədov  saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 11 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun narkotik vasitəni aldığı mənbə də aşkar olunub. Belə ki, İ. Məmmədovun qurudulmuş marixuananı elə həmkəndlisi 32 yaşlı Soltan Həsənovdan aldığı müəyyən edilib. 

Şübhəli şəxs qismində saxlanılan S. Həsənovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 455 qram narkotik vasitə olan  qurudulmuş marixuana aşkar  olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.