“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

22.10.2019 12:27
Ölkənin ən kütləvi məktəbli futbol turniri olan "Coca-Cola Məktəbli Kuboku”un 2019-2020-ci il mövsümünə oktyabr ayının sonunda start veriləcək.

Hazırda rayondaxili turnirdə mübarizə aparacaq komandaları müəyyən etmək üçün məktəbdaxili mərhələnin oyunları keçirilir. Daha sonra isə turnir rayon və regional birinciliklə davam edəcək və nəyahət növbəti ilin aprel-may aylarında final mərhələsi ilə yekunlaşacaq. Qeyd edək ki, 2018-2019-cu il mövsümünün qalibi Masallı rayon 4 saylı məktəbin komandası olub.

2009-cu ildən etibarən keçirilən "Coca-Cola Məktəbli Kuboku” turniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Coca-Cola” şirkəti tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Turnir Azərbaycanın 76 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edir. Layihə məktəblilərin sosial və fiziki inkişafı, ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun inkişaf və ümumilikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.