Bakıda təcili yardıma yol verməyən avtomobilin sürücüsü qadın imiş - VİDEO

05.12.2019 12:49
"İzahat alınacaq, protokol tərtib olunacaq".

REYD xəbər verir ki, ötən gün paytaxtın Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən "Toyota" markalı maşınla bağlı rəsmi açıqlama verilib.

"Hər şey daxil"in telefonla efirinə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov 90-SJ-100 dövlət nömrə nişanlı "Toyota Land Cruser"in sürücüsünün qadın olduğunu açıqlayıb:

"Bu kadrlar sosial şəbəkələr vasitəsilə yayımlanıb. Açıq-aşkar görünür ki, təcili tibbi yardım avtomobilinin sürücüsü keçmək üçün aidiyyəti üzrə siqnal verir və bu siqnal əsasında sürücülər həmin avtomobilin sərbəst hərəkətinə şərait yaradırlar. Lakin Tbilisi prospektində təcili tibbi yardım avtomobilinin sürücüsünün iki dəfə yol istəməsi açıq-aşkar görünsə də və digər sürücülər onun hərəkətinə şərait yaratmaq istəsələr də, sürücü xanım təcili tibbi yardım avtomobilinə yol verilən əraziyə daxil olur. Artıq həmin sürücünün aşkarlanması və barəsində qanunveriliyin tələblərinə uyğun tədbirlərin keçirilməsinə başlanılıb. Əgər hazırda avtonəqliyyat vasitəsinin sürücüsü özü könüllü Bakı Şəhər Dövlət Yol Polisinə müraciət edib səmimi etiraf edirsə, bu, yüngülləşdirici hal kimi qəbul edilir. Törətdiyi xəta ilə bağlı izahat aldıqdan sonra ətraflı inzibati protokol tərtib olunacaq".

Aparıcının "Bəs xanım gəlməsə, bu, xuliqanlıq sayılırmı?" sualına Vaqif Əsədov belə cavab verib:

"Söz yox ki, texniki vasitələrimiz var. Yəni bu texniki vasitələrin köməyi ilə həmin avtomobil hansı istiqamətdə hərəkət edirsə, tərəfimizdən məcburi dayandırılacaq. Orada təkcə sosial şəbəkələrdə yayımlanan süjet deyil. Bakı şəhəri üzrə quraşdırılmış videokameraların köməyi ilə həmin nəqliyyat vasitəsinin hərəkəti tam izlənilib. Sözsüz ki, yol boyu hər hansı xətaya yol verməsi də aşkarlanır. Eyni zamanda, bu hal varsa, qanunvericilikdə göstərilən tələblər üzrə məsuliyyətə cəlb edilir".

Qeyd edək ki, sözügedən təcili yardım maşınında insult keçirən qadın olub.