Karantinə alınmış gəmidə on nəfərdə yeni tip koronavirus aşkarlandı - FOTO

05.02.2020 10:43
Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan kruiz gəmisində 10 sərnişində yeni tip koronavirus aşkarlanıb.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyinin rəhbəri Kato Kaçunobu bəyan edib. 

Nazirin sözlərinə görə, onların arasında vəziyyəti ağır olan yoxdur. O, digər sərnişinlərin və komanda heyətinin 14 gün daha gəmidə qalmalarını istəyib. Sərnişinlər xəstəxanalara yerləşdiriləcək.

"Onların daha 14 gün gəmidə qalmalarını istərdik. Biz sərnişinlərin və komanda heyətinin sağlamlıqlarını nəzarətdə saxlayacağıq və yoluxmanın çoxalmasının qarşısını almaq üçün bütün gücümüzü sərf edəcəyik”, - deyə nazir bildirib.

Xatırladaq ki, 80 yaşlı sərnişində qorxulu virus aşkarlandıqdan sonra 3700 sərnişinlik "Diamond Princess” kruiz gəmisi karantinə alınıb. 

Son məlumatlara görə, Çinin materik hissəsində yoluxanların sayı 24,3 mini keçib, 521 nəfər həyatını itirib. Bir nəfər Honkonqda həyatını itirib. Daha 150 nəfər isə ölkə xaricində yoluxub, onlardan da biri ölüb.