Karantinə alınmış gəmidə daha 60 nəfər koronavirusa yoluxdu

10.02.2020 12:59
Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan "Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı 130-a çatıb.

Bu barədə Yaponiyanın "Kyodo” agentliyi xəbər yayıb.

Ötən gün isə 70 nəfərin yoluxduğu bildirilmişdi.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra "Diamond Princess” Yaponiya sahillərində lövbər salıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.

Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.