Daha bir ölkədə koronavirusa yoluxma həddi 100 mini keçdi

19.05.2020 11:09
Hindistanda sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı təxminən 5000 artaraq 100000-i keçib.

Bu barədə TASS Hindistanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Ölkədə ümumilikdə 3164 nəfər koronavirusun qurbanı olub. Virusdan son sutkada 135 nəfər ölüb.

Hazırda ölkənin xəstəxanalarında 58864 nəfər aktiv koronavirus xəstəsi var. 39233 nəfər müalicə olunaraq evə buraxılıb.

Qeyd edək ki, Hindistan 100000 yoluxma həddini keçən 11-ci ölkə olub. Buna qədər ABŞ, Rusiya, İspaniya, Braziliya, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Türkiyə və İranda yoluxma hallarının ümumi sayı sözügedən həddən yüksək olub.