Rüşvət almaqda təqsirləndirilən hakimin istintaqı başa çatıb

HADİSƏ

20 Sentyabr 2022 | 09:22

1657 dəfə oxunub

Rüşvət almaqda təqsirləndirilən sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REYD xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübut əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023