Avropa Azərbaycan Məktəbində şəhidlər yad edilib

ÖLKƏ

21 Sentyabr 2022 | 16:06

1468 dəfə oxunub

“Bütün ölkə ictimaiyyəti kimi, Avropa Azərbaycan Məktəbi də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təxribatdan olduqca mütəəssir oldu. Son günlərdə erməni tərəfinin təcavüzkar və təxribat xarakterli addımlarının qarşısını alan zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında şəhid olan və yaralananların olması xəbəri Avropa Azərbaycan Məktəbinin ictimaiyyətini də kədərləndirib”.

Bu barədə REYD-ə Avropa Azərbaycan Məktəbindan bildirilib.

Bu münasibətlə məktəbin hər iki korpusunda şəhid olanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub:

“Avropa Azərbaycan Məktəbinin orta təhsil binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Françesko Bankini çıxış edərək vətən yolunda şəhid olanların əziz ruhuna hörmət, yaralılara şəfa diləklərini ifadə etdi və Azərbaycan ordusunun vətəni qorumaq yolunda icra etdiyi vəzifədə əsgərlərimizə ugurlar dilədi.

Cənab Bankini şagirdlərə müraciət edərək bildirdi ki, vətənin və dünyanın gələcəyi bugünün uşaqlarından və gəncliyindən ibarətdir. “Bizim inkişaf etmək və parlaq gələcək üçün sizin köməyinizə ehtiyacımız var. Bunun üçün ilk növbədə yaxşı vətəndaş olmaq lazımdır. Azərbaycan dilində “vətəndaş” sözü xüsusi bir anlam ifadə edir: “Vətən daşı”. Bir insan ilk növbədə ləyaqətli, vətən təəssübkeşliyi çəkən vətəndaş olmaqla vətən, millət və bütün dünya üçün ümdə olan dəyər və amal uğrunda çalışıb, xeyirxah əməllərə xidmət edə bilər.

Siz ancaq ləyaqətli vətəndaş kimi yetişərək daha yaxşı bir dünya, sülh və əmin-amanlıqla dolu bir gələcək inşa etmək iqtidarındasınız.

Françesko Bankininin gənclərə olan bu nəsihəti görkəmli Azərbaycan şairi Məmməd Arazın ölməz misraları ilə səsləşir:

Vətən daşı olmayandan,

Olmaz ölkə vətəndaşı”.

İbtidai təhsil binasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib:

“Daha sonra müəllimlər sinif otaqlarında şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət apardılar.

Avropa Azərbaycan Məktəbinin rəhbərliyi və iş kollektivi vətən uğrunda şəhid olan oğullarımızın dəfn edilidiyi II Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etdi. Avropa Azərbaycan Məktəbinin əməkdaşları şəhidlərimizin qəbirləri üstə gül dəstələri düzdülər, onların məzarı önündə hörmət duruşu nümayiş etdirdilər və şəhid olanların əziz ruhuna ehtiramlarını ifadə etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!”



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023